Skip links

Tələbə Mübadilə Proqramı Nədir? | Mübadilə Proqramları Ödənişlidirmi?

Xaricdə təhsil almaq istəyirsiniz, lakin tam dərəcə alacağınıza əmin deyilsiniz? Azərbaycanda təhsilinizi davam etdirmək istəyirsiniz, amma eyni zamanda başqa ölkədə də təhsil almaq istəyirsiniz? O zaman bütün bu suallara cavab olaraq əla bir təklifimiz var: tələbə mübadilə proqramları sizin üçün ən doğru seçim ola bilər!

Əgər siz təhsil müddətinizdə dünyanın müxtəlif ölkələrində yüksək təhsil haqqı olmadan bir semestr və ya bir il keçirmək istəyirsinizsə, o zaman doğru ünvandasınız. Bu yazımızda biz beynəlxalq tələbələr üçün mübadilə proqramları və dünyanın ən nüfuzlu və tanınmış mübadilə proqramlarından bəziləri haqqında ətraflı məlumat verəcəyik.

Tələbə Mübadilə Proqramı Nədir?

İngilis dilində Student Exchange Program kimi bilinən tələbə mübadilə proqramı bir tələbənin başqa bir ölkədə və adətən dərslərdə iştirak edəcəyiniz və ya işləyəcəyiniz tərəfdaş bir universitetdə keçirdiyi müəyyən vaxtdır. Bu proses zamanı universitet tələbələrinə yerli dili öyrənmək, yeni ölkə və mədəniyyətlə tanış olmaq imkanı verir və bu baxımdan deyə bilərik ki, tələbə mübadilə proqramları tələbələri qlobal perspektiv inkişaf etdirməyə təşviq edir.

Bəs hər hansı bir ödəniş etməlisiniz?

Əlbəttə yox! Tələbə mübadilə proqramlarında iştirak edən tələbələr ödəniş etməməklə yanaşı, həm də getdikləri ölkələrdə təhsil və yaşayış haqları üçün iştirak etdikləri proqramlara uyğun olaraq müəyyən qrant alırlar. Yaşayış üçün sizə ev sahibi ailə ilə qalmaq və ya tələbə yataqxanalarında qalmaq təklif oluna bilər. Bu, fərqli həyat tərzi, yeni perspektivlər və alternativ akademik təcrübələr yaşamaq üçün əla fürsətdir.

Tələbə mübadilə proqramları nə qədər davam edir?

Tələbə mübadilə proqramlarının davam etmə müddəti seçdiyiniz proqramdan asılıdır. Məsələn, başqa ölkədə bir neçə həftə, bir semestr və ya bir il təhsil almağa qərar verə bilərsiniz və bu baxımdan, öz universitetinizin hansı variantları təklif etdiyini və hansı mübadilə proqramları ilə əməkdaşlıq etdiyini yoxlamaq lazımdır. Bəzi şöbələr bakalavr və ya magistr dərəcələrində mübadilə proqramları təklif edir, digərləri isə bunu etmir.

Tələbə mübadilə proqramına niyə müraciət etməli?

Xaricə getməzdən əvvəl özünüzü motivasiya və ilhamlandırmaq üçün mübadilə proqramına başlamaq üçün bəzi əsas səbəblərə birlikdə nəzər salaq:

  • Yeni bir mədəniyyət kəşf edirsiniz
  • Fərqli bir təhsil sistemi ilə qarşılaşırsınız
  • Xarici dilinizi təkmilləşdirir və ya yeni bir xarici dil öyrənirsiniz
  • Yeni insanlarla tanış olursunuz və ömürlük dostluqlar qurursunuz
  • Müsətqilliyinizi qazanır və qorxularınızla üzləşirsiniz
  • CV-nizə əlavə etməkm üçün böyük bir təcrübə qazanırsınız
  • Özünüz haqqında öyrənir və özünüzə inamınızı artırırsınız.

Tələbə mübadilə proqramına nə vaxt müraciət etməli?

Tələbə mübadilə proqramına müraciət üçün son tarixlər hər bir universitet və proqrama görə fərqli olduğundan, müraciət etməyi planlaşdırdığınız proqram ilə konkter tarixləri proqramların rəsmi internet saytından yoxlayaraq, sizə uyğun olan mübadilə proqramınızı seçməlisiniz. Son dəqiqə stressini yaşamaq istəmirsinizsə, hər bir universitet və ya mübadilə proqramı ilə son müraciət tarixini və tələb olunan sənədləri əvvəlcədən yoxlaya bilərsiniz.

Şərh yaz