Skip links

Azərbaycanda tanınan xarici universitetlər

Bildiyiniz kimi bir  çox  halda  xarici  ali  təhsil  müəssisələrində  təhsil  alan  tələbələr  daha  sonra  diplomlarının  tanınması  ilə  bağlı  problem  yaşayır. Təhsil Nazirliyindən  aldığımız məlumata  görə, bu  zaman  xarici  ali  təhsil  ixtisaslarının  tanınmasına  fərdi  qaydada  baxıldığı  üçün müvafiq ali  təhsil  sənədi  əsasında  Təhsildə  Keyfiyyət  Təminatı  Agentliyinə (TKTA)  müraciət etmək  zəruridir.

Yalnız  belə  olan  halda, Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin  13 may  2003-cü  il  tarixli, 64  saylı  qərarı  ilə təsdiq  edilmiş “Xarici dövlətlərin  ali  təhsil  sahəsində  ixtisaslarının  tanınması  və  ekvivalentliyinin  müəyyən  edilməsi  (nostrifikasiyası) Qaydaları”na  uyğun olaraq ekspertiza  keçirilərək  həmin  diplom  üzrə aldığınız  ali  təhsil  ixtisasının  ölkə  ərazisində  tanınıb – tanınmaması  barədə qərar  qəbul  olunur. Bu səbəbdən, Təhsil  Nazirliyi  tərəfindən  Azərbaycan  Respublikası ərazisində  tanınan  xarici  ali  təhsil  müəssisələri  ilə  bağlı  hər  hansı  siyahı müəyyənləşdirilməmişdir.

Bu  halda  universitet  seçərkən  əsas  nəyə  diqqət  edilməlidir?

Qeyd  edək  ki, təhsil  almaq  istədiyiniz  ali  təhsil  müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən  təhsil  müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və  tədris  proqramının (ixtisasın) akkreditasiyasının  olmasına  diqqət  yetirməyiniz  tövsiyə  olunur.

Azərbaycanda tanınan xarici universitetlər

Bizim Təhsil Nazirliyimiz və ya TKTA universitet siyahısını verməsə də, istinad edə biləcəyəmiz müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik. Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher Education World University RankingsQS World University RankingsAcademic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var. 

Şərh yaz