Skip links

Tələbə Mübadilə Proqramı ilə Türkiyədə Pulsuz Təhsil Alın – 2022 ƏN YENİ

Xaricdə təhsil almaq istəyirsiniz, lakin tam dərəcə almaq istədiyinizdən əmin deyilsiniz? Azərbaycanda təhsilinizi davam etdirib, amma eyni zamanda başqa ölkədə də təhsil almaq istəyirsiniz? O zaman bütün bu suallarınıza cavab olaraq əla bir təklifimiz var: tələbə mübadiləsi proqramları sizin üçün ən doğru seçim ola bilər! Əgər siz təhsil müddətinizdə dünyanın müxtəlif ölkərində, eyni zamanda qardaş ölkə olan Türkiyədə yüksək təhsil haqqı olmadan bir semestr və ya 1 il təhsil almaq istəyirsinizsə, o zaman doğru ünvandasınız! Bu yazımızda sizin üçün Türkiyədə tələbə mübadilə proqramları necə pulsuz təhsil ala biləcəyinizdən ətraflı bəhs edəcəyik.

Tələbə Mübadilə Proqramı ilə Türkiyədə Necə Pulsuz Təhsil Almaq Olar?

Türkiyədə tələbə mübadilə proqramları vasitəsilə tələbələr heç bir illik təhsil haqqı və yaşayış haqqı ödəmədən pulsuz təhsil ala bilərlər və həmin proqramlar arasında ən məşhur və ən nüfuza malik Mevlana Mübadilə Proqramıdır.

Mevlana Mübadilə Proqramı Türkiyə universitetləri ilə Azərbaycan universitetləri arasında iki tərəfli imzalanan tələbə və müəllim heyəti arasında mübadilə aparmağı mümkün edən bir proqramdır. 23 avqust 2011-ci ildə yaradılmış proqram Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə və müəllim mübadiləsi üçün yol açmışdır və digər mübadilə proqramlarından fərqli olaraq, bu proqram çərçivəsində hərəkətlilik hər hansı bir coğrafi bölgədən asılı olmayaraq dünyanın hər yerində yerləşən ali təhsil müəssisələrini əhatə edir.

Ən azı 1 semestr, ən çoxu isə 2 semestrlik mübadilə proqramına qoşulmaq istəyən tələbələr, müəllimlər isə dünyanın ali təhsil müəssisələrində minimum 1 həftə, maksimum isə 3 ay dərs vermək proqramlarından yararlana bilərlər. Eyni zamanda, dünyanın hər bir yerindən olan tələbə və müəllim heyəti Türkiyənin ali təhsil müəssisələrinə ödənişsiz təhsil almağa gələ bilərlər. Mevlana Mübadilə Proqramında bütün xərclər YÖK təqaüdü tərəfindən ödənilir və təqaüdün məbləği isə 1000 tl təşkil edir.

Mevlana Mübadilə Proqramında Kimlər İştirak Edə Bilərlər?

Mevlana Mübadilə Proqramı Protokolunu imzalayan bütün ali təhsil müəssisələrində təhsil alan tələbələrin və eyni zamanda, həmin protokolu imzalayan ali təhsil müəssisələrində çalışan və tədris verən akademik müəllim heyətinin bu proqram çərçivəsində iştirak etmək hüququ vardır. Mevlana Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr üçün tələb və şərtləri bir neçə başlıq altında qruplaşdırmaq mümkündür və həmin şərtləri aşağıdakı kimi sadalaya bilərik:

telebe mubadile proqramlari
  • Mevlana Mübadilə Proqramında iştirak etmək istəyən namizəd tələbə ali təhsil müəssisələrinin I, II və III kurslarında təhsil almalıdır.
  • Namizəd tələbənin bakalavr pilləsi üçün universitet ortalama qiyməti (GPA) minimum 75 və ondan yuxarı və magistr pilləsində təhsil alan tələbə namizədi üçün bu qiymət isə 80 və ondan yuxarı qiymət olmalıdır.
  • Namizəd tələbələrin ingilis dil bilik səviyyəsi minimum B2 səviyyəsində olmalıdır.

Proqrama Qəbul Üçün Hansı Sənədlər Tələb Olunur?

Mevlana Mübadilə Proqramında iştirak etmək istəyən namizəd tələbələr təhsil aldıqları ali təhsil müəssisələrinin müvafiq departementinə yaxınlaşaraq aşağıdakı sənədləri həmin şöbənin məsul şəxsinə təqdim etməlidirlər:

  • Təhsil aldıqları pillə üzrə transkrip sənədi (ÜOMG göstərilmək şərti ilə)
  • Tələbə namizədi üçün müraciət forması (Aday öğrenci başvuru formu)
  • Tələbə namizədinin təhsil almaq istədiyi tədris dili haqqında müvafiq sənəd
  • Tələbə namizədi üçün CV (təqdim olunan CV sənədi ingilis və ya türk dilində olmalıdır)
  • Xarici passportun sürəti və tələbə bilətinin əsli
  • 2 ədəd 3×4 ölçüdə olan fotoşəkil

Bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki, namizəd tələbələr mübadilə proqramına müraciət əsnasında proqram çərçivəsində təhsil almaq istədikləri 3 universiteti qeyd etməlidirlər. Ümumiyyətlə Mevlana Mübadilə Proqramı ilə bağlı daha ətraflı məlumat və qeydiyyatdan keçmək istəyirsinizsə, proqramın rəsmi internet saytına daxil ola bilərsiniz.

Şərh yaz