Müsahibə öncəsi praktiki hazırlıq və məsləhətlər
Universitet müsahibəsi təkcə biliyin yoxlanması deyil, həm də sizin özünüzü necə təqdim etdiyinizi ölçən mərhələdir. Burada nəzəri bilikdən çox, praktiki hazırlıq rol oynayır. Ona görə də müsahibəyə “oxuyaram, deyərəm” düşüncəsi ilə yox, planlı şəkildə yaxınlaşmaq lazımdır.
Müsahibədən bir neçə gün əvvəl nə etmək lazımdır?
İlk olaraq sənədlərinizi bir daha nəzərdən keçirin. CV-də, motivasiya məktubunda və ərizə formasında yazdığınız bütün məlumatları xatırlamalısınız. Çünki verilən sualların çoxu məhz onların üzərindən gəlir. Özünüz haqqında yazdıqlarınızı unutsanız, bu, komissiyada ciddi sual işarəsi yarada bilər.
Daha sonra universitet və proqram haqqında araşdırma aparın. Sadəcə reytinqlərə baxmaq kifayət deyil. Proqramın əsas fənləri, tədris sistemi, yanaşma tərzi və istiqaməti haqqında məlumatınız olmalıdır. Bu sizin marağınızın real olduğunu göstərəcək.
Cavabları necə hazırlamaq lazımdır?
Müsahibə üçün əvvəlcədən bütün cavabları əzbərləmək doğru yanaşma deyil. Bunun əvəzinə əsas mövzular üzrə özünüz üçün düşüncə xəritəsi hazırlayın. Yəni “niyə bu sahə?”, “niyə bu universitet?”, “gələcək planlarım nədir?” kimi əsas sualların çərçivəsini qurun.
Cavablar qısa, aydın və məntiqli olmalıdır. Artıq və lazımsız detallar sizi də çaşdıra, qarşı tərəfi də yora bilər. Unutmayın ki, məqsəd uzun danışmaq yox, dolğun danışmaqdır.
Onlayn müsahibə üçün texniki hazırlıq
Əgər müsahibə onlayn formatdadırsa, texniki hazırlıq ən az məzmun qədər önəmlidir. Müsahibədən bir gün əvvəl internetinizi, kameranızı və mikrofonunuzu yoxlayın. Səsiniz aydın çıxmalıdır, görüntü keyfiyyəti kifayət qədər yaxşı olmalıdır.
Fon diqqət yayındırmamalıdır. Arxada qarışıq otaq, səslər və ya hərəkət edən insanlar olmamalıdır. İşıq üzünüzə düşməli, arxa tərəf qaranlıq qalmamalıdır.
Geyim məsələsi də önəmlidir. Evdə olsanız belə, rəsmi və səliqəli geyim sizi həm daha ciddi göstərir, həm də özünüzü psixoloji olaraq müsahibəyə kökləyir.
Müsahibə zamanı özünü aparma necə olmalıdır?
Danışarkən tələsməyin. Sualı tam başa düşdükdən sonra cavab verin. Əgər sualı anlamadınızsa, yenidən izah etmələrini xahiş etmək tamamilə normaldır.
Göz kontaktı saxlayın, amma süni şəkildə yox. Çox gərgin oturmaq yerinə rahat, amma nəzarətli duruş saxlayın. Özünüzü kənardan izlədiyinizi düşünün.
Həyəcan təbii haldır. Əsas məsələ həyəcanın sizi idarə etməsinə icazə verməməkdir. Nəfəsinizi tənzimləyin, cümlələri tələsmədən qurun.
Mütləq evdə sınaq müsahibəsi edin. Dostlarınızla və ya ailə üzvlərinizlə bu prosesi canlandırın. Çünki praktika daha hazırlıqlı olmağın və yanlışları bilib aradan qaldırmağın ən ideal yoludur.