Skip links

Xaricdə Universitet Müsahibəsinə Necə Hazırlaşmalı?

Universitet müsahibəsi sizin yazılı sənədlərdən kənara çıxmaq, real şəxs kimi özünüzü göstərmək fürsətinizdir. Burada artıq GPA, sertifikat və transkript yox, sizin danışığınız, düşüncə tərziniz və özünüzü təqdim etmə bacarığınız ön plana çıxır.

Universitet müsahibəsi əslində nə üçündür?

Bir çox tələbə düşünür ki, müsahibə onların ingilis dilini yoxlamaq üçündür. Bu qismən doğrudur, amma əsas məqsəd bu deyil. Universitetlər müsahibə vasitəsilə sizin:

– Şəxsiyyətinizi
– Motivasiya səviyyənizi
– Kommunikasiya bacarığınızı
– Sahəyə uyğunluğunuzu
– Düşüncə dərinliyinizi ölçməyə çalışır.

Yəni onlar bilmək istəyir ki, tələbə təkcə dərs oxuyacaq və digər fəaliyyətlədə çətinlik çəkəcəkmi, yoxsa real olaraq  mühitə uyğunlaşacaq, kampus həyatına qarışacaq, fikrini ifadə edə biləcəkmi?

Müsahibədə çox verilən suallar və onlara yanaşma

Xaricdə universitet müsahibələrində verilən sualların böyük hissəsi klassikdir. Amma məsələ sualların özündə yox, sizin onları necə cavablandırmağınızdadır.

Çox rast gəlinən suallar:

– Niyə bu universiteti seçmisiniz?
– Niyə bu ixtisas?
– Özünüzü 5 il sonra harada görürsünüz?
– Güclü və zəif tərəfləriniz nələrdir?
– Xaricdə oxumaq sizin üçün nə deməkdir?

Bu suallar sadə ola bilər, amma cavablarınız sadə olmamalıdır. Məsələn, “Bu universitet çox məşhurdur” demək əvəzinə, proqramın konkret tərəflərindən, dərslərindən və imkanlarından danışmaq daha güclü təsir bağışlayır.

Cavab verərkən əsas məsələ səmimiyyətlə məntiqi balansda tutmaqdır. Nə çox quru, nə də həddən artıq emosional olmamalıdır.

Müsahibədən əvvəl bunları etməyinizi tövsiyə edirik

Birinci və ən vacib məsələ universiteti araşdırmaqdır. Sadəcə saytına girib ümumi məlumat oxumaqla kifayətlənməyin. Proqramın dərs planına baxın, professorların sahələrini araşdırın, universitetin dəyərləri ilə tanış olun.

İkinci olaraq öz keçmişinizə hazır olun. Sizin CV-niz müsahibənin əsas mənbələrindən biridir və böyük ehtimalla suallar onun üzərindən formalaşacaq. Yazdığınız hər şeyə cavab verə bilməlisiniz.

Üçüncü olaraq öz hekayənizi toparlayın. Niyə bu sahəni seçmisiniz, bu sahəyə nə vaxt və necə maraq yarandı, yolunuz hansı mərhələlərdən keçdi, bunları yazıb özünüz oxuyun ki, nə danışacağınız haqda məlumatlı olasınız

Onlayn müsahibələr üçün xüsusi məqamlar

Son illərdə müsahibələrin çoxu onlayn formatda keçirilir. Bu da ayrıca diqqət tələb edir.

Kamera qarşısında oturmazdan əvvəl mütləq:
– İnternet bağlantınızı yoxlayın
– Səsgücləndirən və mikrofonu test edin
– Fonun səliqəli və diqqət yayındırmayan olmasına diqqət edin
– Geyiminizə önəm verin, evdə olsanız belə səliqəli görünün

Bəzi tələbələr düşünür ki, kamera qarşısında rahat oturmaq kifayətdir. Halbuki müsahibə rəsmi prosesdir və bu, davranışınızda da hiss olunmalıdır.

Müsahibədə davranış və bədən dili

Müsahibədə nə dediyiniz qədər, necə davrandığınız da önəmlidir.

Göz kontaktı, danışıq tonu, jestləriniz çox şey ifadə edir. Sözlərinizi itirməmək üçün çox sürətli danışmaqdan çəkinin. Eyni zamanda çox yavaş və tərəddüdlü danışıq da özünüzə güvənmədiyiniz təəssüratı yarada bilər.

Müsahibə zamanı ən çox edilən səhvlər

Bir çox tələbənin buraxdığı tipik səhvlər var.

Birincisi, müsahibəyə “onsuz da asandır” deyə hazırlaşmamaq. Bu, bəzən ən yaxşı profili belə kölgədə qoya bilər.

İkincisi, hər cavabı həddindən artıq əzbərləmək. Əzbər cümlələr dərhal hiss olunur və bu, təbii olmayan təəssürat yaradır.

Üçüncüsü isə özünü olduğundan fərqli göstərməyə çalışmaqdır. Universitetlər səmimiyyəti çox tez anlayır və bu cəhdlər adətən tərs effekt verir.

Müsahibəyə psixoloji hazırlıq nə qədər önəmlidir?

Müsahibə təkcə bilik yoxlaması deyil, həm də stres testidir. Qarşınızdakı insan sizin stres altında özünüzü necə idarə etdiyinizi də müşahidə edir.

Bu səbəbdən müsahibədən əvvəl bir neçə dəfə sınaq məşqləri etmək faydalıdır. Güzgü qarşısında və ya dostlarınızla sual-cavab simulyasiyası edə bilərsiniz. Bu həm söz axıcılığınızı, həm də rahatlığınızı artırır.

Real yanaşma niyə önəmlidir?

Ən yaxşı müsahibələr süni “mükəmməl cavablar”la yox, səmimi və düşünülmüş cavablarla qazanılır. Qarşınızdakı komissiya üzvü də insandır və onlar “robotvari” danışan tələbəni yox, özünü tanıyan, bilən və hara getdiyini anlayan birini axtarır.

Xaricdə universitet müsahibəsi qorxulu test deyil, özünüzü ifadə etmək şansıdır. Bu mərhələni sorğu-sual kimi yox, dialoq kimi qəbul etsəniz, həm daha rahat olarsınız, həm də daha inandırıcı görünərsiniz. Əsas məsələ mükəmməl görünmək yox, özünüzü düzgün və ağıllı şəkildə təqdim etməkdir.

Bu prosesdə müsahibəyə hazırlıq, sualların qurulması və cavabların strukturlaşdırılması üçün peşəkar yanaşma da çox faydalıdır. İstanbul Group-un xaricdə təhsil üzrə təcrübəli komandası tələbələrə məhz bu mərhələdə real praktika və yönləndirmə ilə dəstək olur. 

Şərh yazın