Skip links

Tələbə yataqxanaları, kirayə evlər və alternativlər

Xaricdə təhsil planlayan hər bir tələbə üçün ən real mövzulardan biri yaşayış məsələsidir. Harada qalacağınız təkcə rahatlığınıza yox, gündəlik xərclərinizə, zaman idarəetmənizə və sosial həyatınıza da birbaşa təsir edir. Ona görə yerləşmə seçimlərinə tək estetik və rahatlıq prizmasından yox, praktik və maliyyə baxımından da yanaşmaq lazımdır.

Tələbə yataqxanaları

Universitet yataqxanaları yeni gələn tələbələr üçün ən rahat və risksiz variant hesab olunur. Kampusa yaxınlıq, təhlükəsizlik və universitet mühiti bu seçimi daha cəlbedici edir. Üstəlik, beynəlxalq tələbələrlə bir mühitdə olmaq adaptasiya prosesini də asanlaşdırır.

Yataqxanalarda adətən 1–3 nəfərlik otaqlar, ümumi mətbəx və istirahət zonaları olur. Qiymətlər ölkədən və şəhərdən asılı olaraq dəyişsə də, bu seçim adətən daha stabil və proqnozlaşdırıla bilən olur. Dezavantaj kimi isə şəxsi məkanın məhdudluğu və bəzi qaydaların sərtliyi tələbəni narahat edə bilər.

Kirayə evlər

Kirayə evlər daha çox müstəqillik istəyən tələbələr üçün uyğundur. Tək yaşamaq və ya digər tələbələrlə evi paylaşmaq mümkündür. Bu variantda həyat tərziniz daha sərbəst olur, lakin məsuliyyət də artır.

Kommunal xərclər, depozit, müqavilə və ev yoldaşları ilə uyğunlaşma kimi məsələlər artıq sizin üzərinizə düşür. Xüsusilə Avropa şəhərlərində münasib qiymətə ev tapmaq bəzən çətin və zaman aparan prosesdir.

Alternativ yerləşmə seçimləri

Bəzi tələbələr host ailələr yanında qalmağı üstün tuturlar. Bu, xüsusilə ilk aylarda həm dil, həm də mədəni adaptasiya baxımından çox faydalı ola bilər. Host ailə modeli adətən yeməklə birlikdə təklif olunur və bu da gündəlik xərcləri bir qədər azaltdığı üçün bəziləri üçün sərfəli olur.

Bundan başqa, son illərdə tələbələr arasında co-living evləri və tələbə rezidensiyaları da daha geniş yayılmağa başlayıb. Bu modellərdə həm yaşayış, həm də sosial mühit birlikdə təqdim olunur.

Avropa, Türkiyə, Rusiya və ABŞ-da tələbələr üçün təxmini yaşayış xərcləri

Yaşayış xərcləri tam olaraq sizin həyat tərzinizə, seçdiyiniz şəhərə və yerləşmə formasına bağlıdır. Amma ümumi olaraq minimal səviyyədə belə bir tablo yarana bilər:

Avropada tələbələr üçün aylıq yaşayış xərcləri minimum 600–1,000 avro civarında başlayır. Almaniya, Polşa və Çexiya kimi ölkələrdə bu rəqəm daha aşağı, Fransa, Hollandiya və Skandinaviya ölkələrində isə daha yüksək ola bilər. Kirayə ev seçildikdə bu məbləğ 1,200–1,800 avroya qədər çıxır.

Türkiyədə isə tələbələr üçün aylıq minimal yaşayış xərcləri 350–600 dollar aralığında dəyişir. İstanbul və Ankara kimi şəhərlərdə kirayə evlər bahalıdır, amma yataqxana və ya dövlət imkanları ilə bu xərcləri azaltmaq mümkündür.

Rusiyada tələbələr üçün yaşayış xərcləri nisbətən daha münasibdir. Orta hesabla aylıq minimal xərc 300–500 dollar arası dəyişir. Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə isə bu məbləğ daha yüksək olur.

ABŞ-da isə yaşayış xərcləri daha yüksəkdir. Minimum tələbə xərcləri aylıq 1,000–1,800 dollar arasında dəyişir. Bu, şəhərdən, ştatdan və seçilən yerləşmə formasından asılı olaraq 2,000 dolları da keçir.

Vacib məqam odur ki, bu rəqəmlər minimal həyat tərzinə əsaslanır. Daha komfortlu yaşamaq istəyənlər üçün xərclər təbii olaraq yüksəlir.

Hansı variant daha uyğundur?

Yerləşmə seçimi şəxsi prioritetlərdən asılıdır. Bəziləri üçün yataqxana daha praktik, bəziləri üçün isə kirayə ev daha rahatdır. Vacib olan vaxtında planlama aparmaq və real büdcəyə uyğun qərar verməkdir.

Şərh yazın