Xaricdə PhD Üçün Təqaüdlər və Maliyyələşmə İmkanları
Xaricdə doktorantura təhsili almaq bir çox tələbə üçün elmi və peşəkar karyerada mühüm addımdır. Doktorantura təhsili almağa qərar verərkən nəzərə alınmalı olan bir neçə amil var. Onlardan biri maliyyələşmədir. Uzunmüddətli tədqiqat prosesini əhatə edən PhD təhsili zamanı təhsil haqqı, yaşayış xərcləri, araşdırma fəaliyyətləri və digər gündəlik ehtiyaclar tələbələr üçün ciddi maliyyə yükü yarada bilər.
Məhz bu səbəbdən, təqaüdlər və digər maliyyələşmə imkanları xaricdə PhD təhsili üçün əsas dəstək mexanizmlərindən biri sayılır. Həm beynəlxalq, həm də universitetlərə məxsus proqramlar vasitəsilə tələbələr təhsil və yaşayış xərclərini qarşılaya, eyni zamanda elmi fəaliyyətlərinə daha çox fokuslana bilirlər.
Bu bloqda sizə PhD üçün mövcud olan əsas təqaüd növləri, ən məşhur beynəlxalq proqramlar, Azərbaycanlı tələbələr üçün mövcud dəstək imkanları və qrant mənbələri haqqında ətraflı və aktual məlumat təqdim edəcəyik. Əgər siz də xaricdə doktorantura təhsili almağı planlaşdırırsınızsa, bu yazı sizin üçün doğru başlanğıc nöqtəsidir.
Xaricdə doktorantura təhsili zamanı maliyyələşmə niyə əhəmiyyətlidir?
Xaricdə PhD təhsili uzunmüddətli və tədqiqat yönümlü proses olduğu üçün həm akademik, həm də maliyyə baxımından ciddi hazırlıq tələb edir. PhD proqramları adətən 3-5 il çəkir və bu müddət ərzində tələbələr yalnız dərsə qatılmaqla kifayətlənmirlər, eyni zamanda elmi layihələr aparır, beynəlxalq konfranslarda iştirak edir, məqalələr dərc etdirir və müxtəlif laboratoriya işlərində iştirak edirlər. Bütün bunlar isə həm vaxt, həm də vəsait tələb edir.
Məhz bu mərhələdə maliyyələşmə və təqaüdlər həlledici rol oynayır. Təhsil haqqının yüksək olması, yaşayış xərclərinin fərqli ölkələrdə ciddi şəkildə dəyişməsi və əlavə tədqiqat ehtiyacları tələbənin gündəlik həyatına və tədris prosesinə mənfi təsir göstərə bilər. Əgər tələbə maliyyə dəstəyi olmadan xaricdə PhD təhsili almağa çalışarsa, bu həm akademik performansına, həm də psixoloji durumuna təsir edə bilər.
Təqaüdlər, aylıq ödənişlər, qrantlar və digər maliyyələşmə formaları tələbəyə bu müddətdə həm rahat şəkildə yaşamaq, həm də elmi fəaliyyətinə tam fokuslanmaq imkanı yaradır. Bəzi universitetlər hətta tələbələrin tədqiqat fəaliyyətlərinə əlavə büdcə də ayırır, bu isə konfranslara qatılmaq, eksperimentlər aparmaq və ya sahə araşdırmaları etmək baxımından böyük üstünlükdür.
Xaricdə doktorantura təhsilində ən məşhur beynəlxalq təqaüd proqramları
PhD təhsilini xaricdə davam etdirmək istəyən tələbələr üçün dünyada bir çox nüfuzlu və rəqabətli beynəlxalq təqaüd proqramları mövcuddur. Bu proqramlar yalnız təhsil və yaşayış xərclərini qarşılamaqla kifayətlənmir, eyni zamanda tədqiqatçılara beynəlxalq elmi mühitə inteqrasiya olmaq, təcrübə mübadiləsində iştirak etmək və gələcək akademik karyera üçün möhkəm zəmin qurmaq imkanı yaradır.
Aşağıda dünyanın ən çox tanınan PhD təqaüd proqramlarını qeyd edirik:
Fulbright Foreign Student Program (ABŞ)
Fulbright proqramı ABŞ hökuməti tərəfindən maliyyələşdirilən və dünya üzrə tədqiqatçılara açıq olan ən prestijli təqaüdlərdən biridir. Proqram təhsil haqqını, yaşayış xərclərini, səfər xərclərini və səhiyyə sığortasını qarşılayır. Müraciət üçün akademik göstəricilər və tədqiqat potensialı əsas meyarlardır.
DAAD Doktorantura Təqaüdləri (Almaniya)
DAAD (Alman Akademik Mübadilə Xidməti) dünyanın müxtəlif ölkələrindən gələn tələbələr üçün Almaniyada PhD təhsili almaq imkanı yaradır. Təqaüdə təhsil haqqı, aylıq yaşayış ödənişi, sığorta, yol xərcləri və Alman dili kursları daxildir. DAAD həm fərdi müraciətlər, həm də strukturlaşdırılmış doktorantura proqramlarını dəstəkləyir.
Chevening Scholarships (Böyük Britaniya)
Chevening proqramı əsasən magistr pilləsinə yönəlsə də, bəzi sahələrdə PhD üçün də maliyyələşmə variantları təklif olunur. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən bu proqram liderlik potensialı olan tələbələrə yönəlib və tam maliyyələşdirilir.
Erasmus Mundus Joint Doctorates (Avropa)
Erasmus Mundus proqramları Avropa İttifaqının maliyyələşdirdiyi beynəlxalq təhsil təşəbbüsüdür. Bəzi Erasmus Mundus proqramlarında doktorantura pilləsi də əhatə olunur. Tələbələr bir neçə ölkədə təhsil alır və müxtəlif universitetlərdə tədqiqat aparırlar. Təqaüd təhsil haqqını, yaşayış və yol xərclərini əhatə edir.
CSC – Chinese Government Scholarship (Çin)
Çin hökuməti tərəfindən təqdim edilən CSC təqaüdü ilə xarici tələbələr Çin universitetlərində PhD təhsili ala bilirlər. Təqaüdə tam təhsil haqqı, aylıq təqaüd, yataqxana və sığorta daxildir.
Swiss Government Excellence Scholarships (İsveçrə)
Bu proqram İsveçrə Konfederasiyası tərəfindən təqdim olunur və doktorantura və postdoktoral tədqiqatçılara yönəlib. Müraciət edənlər qəbul məktubu ilə birlikdə tədqiqat planı təqdim etməlidir. Təqaüd yaşayış xərclərini və təhsil haqlarını qarşılamaqla yanaşı, İsveçrədə elmi mühitə daxil olmaq imkanı da verir.
Universitetlərin doktorantura tələbələrinə təklif etdiyi daxili təqaüdlər
Xaricdə doktorantura təhsili almaq istəyən tələbələr üçün yalnız beynəlxalq və dövlət təqaüdləri deyil, birbaşa universitetlərin təqdim etdiyi daxili təqaüdlər (internal scholarships / funding packages) də çox önəmlidir. Bu təqaüdlər universitetlər tərəfindən öz büdcələri və ya professorların tədqiqat layihələri çərçivəsində maliyyələşdirilir və adətən yalnız qəbul alan tələbələrə təqdim olunur.
Daxili təqaüdlərin bir neçə növe var:
- Research Assistantship (RA) – Tədqiqat Assistentliyi
Tələbələr professorun və ya tədqiqat mərkəzinin layihəsində işləyərək maaşlı şəkildə fəaliyyət göstərirlər. Bu təqaüd forması həm təhsil haqqını, həm də yaşayış üçün aylıq ödənişi (stipend) əhatə edir. - Teaching Assistantship (TA) – Müəllim Assistentliyi
Tələbə bakalavr və ya magistr səviyyəsində dərslərin keçirilməsinə dəstək olması qarşılığında verilir. Məsələn, doktorantlar seminarlar aparır, imtahanları qiymətləndirir. - Fellowship – Tədqiqat Təqaüdləri
Fellowship təqaüdləri adətən akademik göstəriciləri yüksək olan tələbələrə təqdim olunur və tədris və ya tədqiqat öhdəliyi olmadan yalnız təhsil və yaşayış xərclərini qarşılayır. Prestijli universitetlər bu təqaüdləri məhdud sayda təqdim edir. - Departmental Funding – Fakültə və Bölmə Təqaüdləri
Bəzi universitetlərdə fakültə və ya bölmələr daxilində mövcud olan xüsusi fondlar hesabına tələbələrə təqaüd ayrılır.
Daxili təqaüdlərin əsas üstünlükləri:
- Tam və ya qismən maliyyələşmə: Adətən bu təqaüdlər təhsil haqqının 100%-ni və yaşayış xərclərini qarşılayır.
- Davamlılıq: Təqaüdlər adətən 3–5 illik PhD müddəti boyunca təmin edilir (illik performansa əsasən yenilənmə şərti ilə).
- Təcrübə qazanmaq imkanı: RA və TA proqramları tələbəyə akademik və tədqiqat sahəsində real təcrübə qazandırır.
- Şəxsi və peşəkar əlaqələrin inkişafı: Fakültə ilə birbaşa iş münasibətləri tələbənin gələcək karyerası üçün əhəmiyyətli şəbəkə yaradır.
Universitet daxili təqaüdlərə müraciət qaydası:
- Bəzi universitetlərdə avtomatikdir: Müraciət zamanı bütün namizədlər daxili təqaüd üçün avtomatik nəzərə alınır.
- Bəzi hallarda əlavə ərizə tələb olunur: Bəzi universitetlərdə isə bu təqaüdlər üçün ayrıca motivasiya məktubu və ya əlavə sənədlər istənilir.
- Professorla əlaqə vacibdir: Əgər təqaüd müəyyən bir tədqiqat layihəsi çərçivəsində verilir və layihənin rəhbəri məlumdursa, onunla əvvəlcədən əlaqə yaratmaq uğur şansını artırır.
Azərbaycan Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində verilən PhD təqaüdləri
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “2019–2023-cü illər üzrə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, ölkənin elmi potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədilə yaradılmışdır. Bu proqram çərçivəsində doktorantura səviyyəsi üzrə xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərə geniş təqaüd imkanları təqdim olunur.
Dövlət Proqramın əsas məqsədi Azərbaycanın prioritet sahələri üzrə yüksək ixtisaslı kadr ehtiyacını ödəmək və ölkəyə qayıtdıqdan sonra bu kadrların elm, təhsil və sənaye sahələrində fəaliyyət göstərməsini təşviq etməkdir. Xüsusilə STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat), səhiyyə, kənd təsərrüfatı, iqtisadiyyat və digər strateji sahələrə üstünlük verilir.
Təqaüd nələri əhatə edir?
Dövlət Proqramı vasitəsilə xaricdə PhD təhsili alan tələbələrə aşağıdakı xərclər tam şəkildə qarşılanır:
- Təhsil haqqı
- Yaşayış xərcləri (aylıq stipendiya)
- Viza və sığorta xərcləri
- Gediş-gəliş biletləri
- Tədqiqatla bağlı əlavə xərclər (lazım gələrsə)
Dövlət Proqramı çərçivəsində PhD təqaüdünə müraciət etmək istəyən şəxslər aşağıdakı meyarlara cavab verməlidir:
- Azərbaycan vətəndaşı olmaq
- Magistr təhsilini başa vurmuş olmaq
- Xarici universitetdən doktorantura səviyyəsi üzrə şərti və ya qəti qəbul məktubu almaq
- Yüksək akademik göstəricilərə və motivasiyaya sahib olmaq
- Proqramda müəyyən edilmiş prioritet ixtisas sahələrindən birinə müraciət etmək
Dövlət Proqramına müraciət şərti belədir?
- Xarici universitetə müraciət və qəbul sənədinin əldə olunması
- Online ərizə formunun doldurulması – Elm və Təhsil Nazirliyinin rəsmi saytında
- Sənədlərin təqdim edilməsi – diplomlar, qəbul məktubu, tərcümeyi-hal, motivasiya məktubu və digər tələb olunan sənədlər
- Müsahibə mərhələsi – müəyyən olunmuş ekspert komissiyası ilə
- Nəticələrin açıqlanması və maliyyələşmənin başlanması
Dövlət Proqramı çərçivəsində dəstək alan tələbələr elm və təhsilin inkişafında aktiv rol oynayan potensial kadr kimi qiymətləndirilir.
Tədqiqat layihələri üçün qrantlar və xarici maliyyə fondları
Xaricdə doktorantura təhsili zamanı yalnız təqaüdlərlə kifayətlənmək kifayət etmir, xüsusilə tədqiqat fəaliyyətlərini genişləndirmək, sahə araşdırmaları aparmaq, konfranslarda iştirak etmək və elmi nəşrlər hazırlamaq üçün əlavə maliyyə mənbələri, yəni qrantlar və xarici fondlar olduqca əhəmiyyətlidir. Bu fondlar tədqiqatçıların layihələrini daha keyfiyyətli və beynəlxalq səviyyədə həyata keçirmələrinə imkan yaradır.
Ən məşhur tədqiqat qrantlar və maliyyə fondları aşağıdakılardır:
- Marie Skłodowska-Curie Actions (MSCA) – Avropa Komissiyasının Horizon Europe çərçivəsində təqdim etdiyi qrantdır. Doktorant və postdoktorant tədqiqatçılara aylıq maaş, layihə və mobillik xərcləri üçün geniş maliyyə dəstəyi verir.
- Fulbright Visiting Scholar Program – ABŞ hökumətinin maliyyələşdirdiyi proqramdır. Doktorantların və tədqiqatçıların ABŞ-da 6-12 ay müddətində tədqiqat aparmasına şərait yaradır. Yaşayış, sığorta və araşdırma xərclərini qarşılayır.
- DAAD Research Grants – Almaniya tərəfindən təqdim olunan bu qrant proqramı doktorantlara Almaniyada qısa və ya uzunmüddətli tədqiqat aparmaq imkanı verir. Aylıq təqaüd, sığorta, dil kursu və s. ilə təmin olunur.
- Erasmus Mundus Joint Doctorates (EMJD) – Avropa universitetləri arasında birgə təqdim olunan proqramdır. Birdən çox ölkədə doktorantura təhsili və tədqiqat aparmaq üçün tam təqaüd və mobillik dəstəyi təklif edir.
- British Council Researcher Links – Böyük Britaniyanın British Council təşkilatı tərəfindən idarə olunur. Gənc tədqiqatçıların beynəlxalq əməkdaşlıq qurması və layihələrdə iştirak etməsi üçün maliyyə dəstəyi təqdim edir.
- NSERC Doctoral Scholarships (Kanada) – Kanada hökumətinin elm və texnologiya sahəsində doktorantlara təqdim etdiyi qrantlardır. Yüksək akademik göstəricilərə malik tələbələr üçün nəzərdə tutulub.
- Commonwealth PhD Scholarships – Birləşmiş Krallıq tərəfindən Commonwealth ölkələrinin vətəndaşları üçün təqdim olunur. Tam təqaüd, yaşayış və araşdırma xərclərini qarşılayır.
- The Wellcome Trust Grants – Biotibb, ictimai sağlamlıq və həyat elmləri sahəsində tədqiqat aparan doktorantlar üçün maliyyə dəstəyi təklif edən Böyük Britaniyada yerləşən fond.
- ERC Starting Grants (European Research Council) – Akademik karyerasının əvvəlində olan tədqiqatçılar üçün nəzərdə tutulur. Müasir və qabaqcıl elmi layihələrin icrasını maliyyələşdirir.
- Türkiye Bursları – Research Fellowship Program – Türkiyədəki ali təhsil müəssisələrində tədqiqat aparmaq istəyən xarici doktorantlar üçün təqdim olunur. Yaşayış və tədqiqat xərclərini qarşılayır.
Doktorantlar təqaüd müraciətində nələrə diqqət etməli?
Xaricdə doktorantura üçün təqaüd almaq istəyən tələbələrin nəzərə almalı olduqları bir neçə vacib məqam var:
Tədqiqat təklifi (research proposal) diqqətlə hazırlanmalıdır. Ən vacib hissələrdən biridir. Təklif etdiyiniz mövzu elmi baxımdan maraqlı və aktual olmalı, eyni zamanda siz onu necə araşdıracağınızı da aydın şəkildə izah etməlisiniz. Tədqiqatın məqsədi, istifadə edəcəyiniz metodlar və gözlənilən nəticələr aydın və məntiqi olmalıdır.
Təqaüd proqramının tələblərini yaxşı araşdırın. Hər təqaüd proqramının öz şərtləri var. Bəziləri müəyyən ölkələrə və ya sahələrə yönəlib, bəziləri isə təcrübəyə və akademik göstəricilərə daha çox önəm verir. Ona görə də müraciət etməzdən əvvəl proqramı yaxşı oxuyun və uyğun olub-olmadığını dəqiqləşdirin.
Motivasiya məktubu səmimi və inandırıcı olmalıdır. Bu məktubda niyə məhz həmin ölkədə və universitetdə təhsil almaq istədiyinizi, gələcəkdə bu sahədə nə etmək istədiyinizi və niyə bu təqaüdü almağa layiq olduğunuzu izah etməlisiniz. Sadə, səmimi və konkret yazın.
Akademik göstəricilər və tövsiyə məktubları. Yaxşı qiymətlər və güclü akademik təcrübə önəmlidir. Əlavə olaraq, sizi yaxından tanıyan müəllimlərdən və ya tədqiqat rəhbərlərindən alınmış tövsiyə məktubları da müraciətinizin dəyərini artırır.
CV və digər sənədlər. CV-niz qısa, konkret və akademik dildə tərtib olunmalıdır. Əlavə olaraq, tələb olunan sənədləri tam və düzgün şəkildə təqdim etmək çox vacibdir.
Xaricdə doktorantura təhsili üçün təqaüd almaq mürəkkəb və vaxt aparan prosesdir. Bu prosesi düzgün aparmaq təqaüd almaq üçün önəmlidir. İstanbul Group olaraq, universitet və tədqiqat sahəsi seçiminizdən başlayaraq, sənədlərin hazırlanması və təqaüd müraciətinizə qədər hər mərhələdə sizə peşəkar dəstək göstəririk. Uğurlu müraciət üçün bizimlə əlaqə saxlayın.